skip to Main Content
“Göyçə”nin əzmkar Oyunu Bəhrəsini Verdi

“Göyçə”nin əzmkar oyunu bəhrəsini verdi

Noyabrın 5-də Ardanış Çempionatının 10-cu turuna yekun vurulub və bunula da çempionatın ilk dövrəsi başa çatıb.

Sahəyə “Göyçə” ilə “Novo İvanovka” komandaları çıxıb. “Vətən” İdman Klubunun stadionunda saat 20:00-da start götürən matç maraqlı keçib. Belə ki, turnir cədvəlində 7 xalla autsayder durumunda olan “Göyçə”nin çempionluğa ən iddialı hesab olunan “Novo İvanovka”ya qalib gəlmə ehtimalı ilk baxışda çox az görünsə də, ortaya qoyulan əzmkar komanda oyunu bütün fikirləri alt-üst edib. İlk dəqiqədən üstünlüyü ələ alan “qırmızı formalı qağayılar” ilk hissədə İmaməddin Zeynalovun 2, Ramil İsmayılovun 1 dəqiq zərbəsi ilə önə keçib.

“Novo İvanovka”nın heyətində hücumçu Azər Hüseynovun yoxluğu özünü göstərsə də, edilən oyunçu dəyişikliyi – müdafiəçi Telman Məhərrəmovun əvəzinə hücumçu Rafiq Həsənovun oyuna daxil olması – komandanın “ölü nöqtə”dən tərpənməsinə səbəb olub. Hücum taktikasını seçərək irəli atılan komanda ilk hissənin sonuna doğru rəqibin qapısında gərgin epizodlar yaradıb. Top fərqini azaltmaq üçün səy göstərən “təbiət vurğunları” istəklərinə nail ola bilməyiblər və fasiləyə 3:0 hesabı ilə məğlub gediblər.

Fasilədən sonra ikinci hissə templi başlayıb. “Novo İvanovka” hücum sayını artıraraq ilk qolunu vurub. Maraqlıdır ki, topu qapıdan “Göyçə”dən transfer olunan müdafiəçi Ceyhun Alıyev keçirib. Lakin İmaməddin Zeynalov het-trik edərək özünün və komandasının 3-cü qolunu vurub. Bundan bir neçə dəqiqə sonra “təbiət vurğunları”nın hücumu ikinci qolla nəticələnib. Hakim Hidayət Xudiyev əvvəlcə cərimə fiti çalsa da, lakin top qapı xəttini keçdiyindən beynəlxalq qaydalara uyğun şəkildə qol sayıb. Bu qol Rafiq Həsənovun aktivinə yazılıb. Bu epizodda yaranmış qeyri-müəyyənlik “Göyçə”nin het-trik etmiş futbolçusunu özündən çıxarıb və o, oyunu tərk edərək komandasını çətin durumda qoyub. Bu fürsətdən yararlanmaq və məğlubiyyət dadını yaşamamaq üçün “Novo İvanovka” təzyiqi daha da artırıb və bu,  Ceyhun Alıyevin dəqiq zərbəsi ilə özünü göstərib- 4:3.

Yaranmış bu vəziyyət “Göyçə” futbolçularında psixoloji gərginliyi artırıb. Amma “qırmızı formalı qağayılar”ın kapitanı və qapıçısı Rasim Həsənovun oyunçulara verdiyi təlimatlar və etdiyi doğru oyunçu dəyişiklikləri komandası üçün çox faydalı olub və bu, yarımmüdafiəçi Araz Qurbanovun möhtəşəm qolu ilə həm bəhrəsini verib, həm də hava-su kimi lazım olan qələbəni təmin edib. Bu qoldan sonra  sanki “Yeni İvanovka”nın qol-qanadı qırılıb və məğlubiyyətlə barışmalı olub.

Bir sözlə, 5:3 hesabı ilə matçdan qalib ayrılan “Göyçə” aktivinə 10-cu xalı yazdırıb. Maraqlı məqam odur ki, idman şərhçilərinin fikirncə, “Göyçə”nin bu qələbəsi və göstərdiyi əzmkar oyunu təkcə turnir cədvəlindəki sonuncu yerdən xilas olmaq üçün deyil, həm də çempionatı daha yüksək pillədə başa vurmağa əsas verir.

“Təbiət vurğunları”na gəlincə, analitiklər bu komandanı iddialı sayır və çempionluğa layiq olduqlarını söyləyirlər: “Təbii ki, bu məğlubiyyət onlar üçün liderlik yolunda sarsıdıcı oldu. Ancaq çempionatın ikinci dövrəsi yeni başladığından məyuslanmağa əsas yoxdur”.

Beləliklə, hazırda turnir cədvəlinə 19 xalla “Ardanış” birinci, 16 xalla ikinci, 11 xalla “Sadaxlı” üçüncü, 10 xalla “Göyçə” dördüncü sıradadır.

Komandalar bu heyətlə meydana çıxıb:

“Göyçə” – Rasim Həsənov, Ramil İsmayılov, Heydər Xudayev,  Bayram Süleymanov, İsrafil İsmayılov, Etibar Məhərrəmov, İmaməddin Zeynalov, Araz Qurbanov

Baş məşqçi və kapitan: Rasim Həsənov

“Novo İvanovka” – Elvin İsmayılov, Vüsal Hüseynov, Ceyhun Alıyev, İlqar Ramazanov,  Telman Məhərrəmov, Elçin İsmayılov, Qasım Məmmədov, Ramiz Hüseyinov, Rafiq Həsənov

Baş məşqçi və kapitan Rafiq Həsənov

Qollar:  İmaməddin Zeynalov 3, Ramil İsmayılov 1, Araz Qurbanov 1  (“Göyçə”), Ceyhun Alıyev 2, Rafiq Həsənov 1 (“Novo İvanovka”).

Növbəti oyun noyabrın 7-də keçiriləcək və “Ardanış” ilə “Novo İvanovka” “Vətən” İdman Klubunun stadionunda saat 20:00-da qarşılaşacaq.

təsis olunan və dekabrın 11-dən fəaliyyətə başlayan Ardanış Çempionatı iki mövsümdən ibarət olub. İlk mövsüm 2017-ci il dekabrın 11-də başlayıb, 2018-ci il fevralın 5-də başa çatıb. İkinci mövsümə üç komanda ilə 2018-ci il fevralın 14-dən start verilsə də fevralın 19-da yeni dəyişikliyə qərar verilib. İki komandalı sistemdə oyunlara fevralın 21-dən start verilib. Martın 7-dən isə çempionatda yenidən 3 komanda mübarizə aparır. Ardanış Çempionatında 3-cü mövsümə isə 2018-ci il sentyabrın 15-də 4 komanda ilə start verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.


Back To Top