skip to Main Content
“GÖYÇƏ” MASALLIDA FUTBOL ŞÖLƏNİ YAŞATDI

“GÖYÇƏ” MASALLIDA FUTBOL ŞÖLƏNİ YAŞATDI

 

Fevralın 20-21-də futbol üzrə Ardanış Çempionatının qalibi kimi “Göyçə” komandası Masallı rayonunda səfərə dəvət edilib. Məqsəd səfər çərçivəsində rayonun adını daşıyan komanda ilə yoldaşlıq oyunu keçirmək olub.

Komandanın rayona gəlişi yerli azarkeşlər tərəfindən böyük maraq doğurub. Belə ki, Bakıdan gələn qonaqları yüksək səviyyədə qarşılayan futbolsevərlər “Göyçə”nin heyətini hərarətli alqışlarala salamlayaraq, Ardanış Çempionatını diqqətlə izlədiklərini, bunun gənclərin bu idman növünə marağın artması baxımından çox faydalı olduğunu söyləyiblər. Onlar “Masallı” komandası ilə yoldaşlıq oyunu barədə razılıq əldə olunmasını idmanın təbliği məqsədi ilə mühüm əhəmiyyət daşıdığını söyləyib, qarşılaşmanı səbirsizlik gözlədiklərini bildiriblər.

Diqqətə çatdırmaq yerinə düşər ki, Masallıda qonaq komanda üçün xüsusi məkan ayrılmışdı. Rayonun bir neçə yerində yoldaşlıq görüşünün vaxtı barədə elan verilmiş, afişalar asılmışdı. Komanda üçün ayrılmış hər cür şəraitə malik məkanda istirahət guşəsi yaradılmışdı. Üç saatlıq yolçuluqdan və təqribən, 2 saatlıq istirahətdən sonra “Göyçə” klubunun heyəti görüşün baş tutacağı stadiona üz tutdu. Bu stadion rayon mərkəzində tikilib və müasir futbol tələblərinə cavab verən böyük idman kompleksi kimi tanınır.

Hər iki komanda stadiona gəldikdən sonra saat 18:00-da matçın başlama fiti çalındı.

Baş məşqçi Rasim Həsənov “Göyçə” komandasını sahəyə bu heyətlə çıxardı – Emil Bayramov (qapıçı), Emin Qasımov, Ayxan Abbasov, Emin Ələsgərov (müdafiəçi), Namiq Həsənov, Emin İmaməliyev, Tariq Qasımov (yarımmüdafiəçi), Azər Hüseynov, Əsgər İbrahimov (hücumçu).

Tamaşaçı coşqusu ilə müşayiət olunan qarşılaşma gərgin mübarizə şəraitində başladı. Oyunda ilk hesabı meydan sahibləri açdı. İkinci qol isə rəqibdən gəldi. Hər iki komanda demək olar, bərabər səviyyədə oyun nümayiş etdirirdi. “Masallı”nın növbəti dəfə önə çıxması yerli tamaşaçıların böyük sevinci ilə qarşılandı. Lakin futbolçular bu nəticəni qoruya bilmədi və qapısında ikinci qolu gördülər – 2:2.

Əsl idman mübarizəsi ab-havasında keçən oyunun sonlarına yaxın “Göyçə” hücum basqısını artıraraq 3-cü qolunu hesab lövhəsinə yazdırdı. Bundan sonra oyun yenidən qızışdı. “Masallı” tamaşaçı dəstəyi ilə bütün imkanlarını səfərbər edərək, oyunçu və qapıçı dəyişikliyindən yararlanaraq məğlubiyyətdən qurtulmağa çalışdı, hətta bir neçə dəfə rəqibinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratdı. Lakin “Göyçə”nin təmkinli oyunu, Baş məşqçinin taktiki dəyişikliyi və doğru qərarları 4-cü qolun qeydə alınması ilə nəticələndi. Beləliklə, yaşıl meydandan 2:4 hesablı qələbə ilə ayrılan tərəf “Göyçə” oldu. Təbii ki, bu uğurda Baş məşqçinin köməkçiləri, idman direktorları və administratorlar – Təhmuraz Rzayevin, Orxan Hacıyevin, Qədir Kərimovun, eləcə də sürücü Sabir Məmmədovun əməyi danılmazdır.

Ümumiyyətlə, yerli oyunçuların centlimen hərəkətləri, mədəni davranışlarını xüsusi vurğulanmalıdır. Əksəriyyəti vaxtilə rayonun “Viləş” komandasında top qovmuş futbolçulardan ibarət olan “Masallı” komandası həm oyun keyfiyyəti, həm də qonaqpərvərlik baxımından çox xoş təəssürat bağışladı. Masallı səfərindən doğma məkana “əli dolu” qayıdan “Göyçə” rəqibini paytaxta dəvət edərək, növbəti futbol şöləninin Bakıda yaşadacağı ümidini verdi.

Xatırladaq ki,  ARDANIŞ ÇEMPİONATI 2017-ci ildən rəsmən elan olunub və hər il davam edir.

Əsgər Əlioğlu

Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.


Back To Top